2024-cü ilin noyabrında Serbiyada başlayan etiraz dalğası yeni mərhələyə daxil olub. Avqustun 12-də ölkənin şimalındakı Vrbas və Baçka Palanka şəhərlərində baş verən zorakılıqdan sonra etirazçılarla polis arasında hər gün toqquşmalar davam edir. Həmin hadisələr polis zorakılığı ilə bağlı ittihamların bütün ölkəyə yayılması fonunda, paytaxt Belqrad da daxil, Serbiyanın onlarla şəhərində etirazlara səbəb olub.
"Onlardan (polis əməkdaşlarından) dördü-beşi məni döydü, başımı beton səthə sıxdılar", - fizika tələbəsi Duşan Tsvetkoviç AzadlıqRadiosunun Balkan xidmətinə bildirib. O, avqustun 14-də Belqradda hökumət əleyhinə etiraz zamanı həbs olunub.
Serbiya Daxili İşlər Nazirliyi nə Tsvetkoviçin, nə də polisi həddindən artıq güc tətbiqində ittiham edən digər etirazçıların iddialarını təkzib, və ya şərh etməyib.
Toqquşmaların ikinci günündə Novi-Sadda saxlanılan gənclərin həbs edildikdən sonra polis əməkdaşlarının önündə diz çökdüyünü əks etdirən videogörüntülər etirazları daha da qızışdırıb.
Görüntüləri əvvəlcə hökumətyönlü media yayımlayıb. Tsvetkoviç həmçinin qeyd edib ki, o, nömrəsi olmayan avtomobillə bir qaraja aparılıb və orada döyülüb.
Digər insidentlərdə də iqtidarda olan Serb Tərəqqi Partiyasının (SNS) tərəfdarları dinc nümayişçilərə hücum ediblər.
Aksiyaların arxasında kim dayanır?
Sosial şəbəkələrdə nümayişlərə çıxmaqla bağlı hər gün çağırışlar paylaşılır. Etirazların əvvəlindən bəri tələbələrin ictimaiyyətlə ünsiyyət qurmaq üçün istifadə etdiyi sosial media qrupları vasitəsilə insanlar etiraz aksiyalarına qoşulmağa dəvət olunur.
Etirazlara qoşulan bir çox vətəndaşlar dinc şəkildə reaksiya verib, lakin AzadlıqRadiosu və digər media qurumlarının kadrlarında maskalı şəxslərin polisə daş və pirotexnika atdığı da görülür.
Sizin brauzer HTML5-i dəstəkləmir
Why Are Protests In Serbia Turning Violent?
Etirazçılar Belqraddan 80 kilometr cənub-qərbdə yerləşən Valevoda iqtidar partiyasının bir neçə ofisini dağıdıblar. Həmçinin məhkum edilmiş hərbi cinayətkar və Serbiya prezidenti Aleksandar Vuçiçin keçmiş nəsihətçisi Voislav Şeselin rəhbərlik etdiyi Serbiya Radikal Partiyasının qərargahına da ziyan vurublar.
2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmiryol vağzalının damının uçması nəticəsində ölümcül faciə etirazlar üçün ilk qığılcım olub.
Hadisə nəticəsində 16 nəfər həlak olub və bu, ictimaiyyəti sarsıdıb. Məlumatlara görə, korrupsiya halları dəmiryol vağzalında keyfiyyətsiz tikintiyə səbəb olub. Hökumətin layihəsi olan bu tikinti Çin şirkətlərinin rəhbərliyi altında həyata keçirilib.
Sonrakı günlərdə Belqrad, Novi-Sad, Niş və digər şəhərlərdə tələbələr etirazlara çıxıb və bu səbəbdən onlara fakültə bağlanıb. Müəllimlərin əksəriyyəti də tələbələri dəstəkləyib.
Bu hadisələr 2000-ci ildə Slobodan Miloşeviç rejiminin devrilməsindən sonra ölkədə görünməmiş nümayişlər dalğasına səbəb olub.
Tələblər əvvəlcə Novi-Sad faciəsi ilə bağlı məsuliyyətin müəyyən edilməsi və etirazçı tələbələrə hücum edənlərin mühakimə olunması ilə bağlı olub. Ancaq altı ay sonra o vaxta qədər, əsasən, apolitik (siyasətə qarışmayan) olan tələbə təşkilatları fövqəladə seçkilərin keçirilməsini tələb ediblər.
Prezident Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının zədələnmiş binasında.
Vuçiç necə reaksiya verib?
Tələbələrin bəzi tələbləri yerinə yetirilib. Hökumət Novi-Sadın bərpası ilə bağlı minlərlə sənədi ictimaiyyətə təqdim edib. Lakin tənqidçilər arxivin natamam olduğunu və əsas detalları aydınlaşdırmadığını bildiriblər.
Tənqidçilərin fikrincə, minlərlə sənəd təqdim etməklə Vuçiç və hökumət sadəcə şəffaf görünməyə çalışır, əslində isə vağzal layihəsi ilə bağlı çaşqınlığı dərinləşdirirlər.
İyulda iqtidar partiyası - SNS yanvarda dinc etirazlarda Belqrad dramaturgiya tələbələrinə hücum etməkdə ittiham olunan dörd fəalını partiyadan uzaqlaşdırıb.
Bununla belə, Vuçiç heç vaxt partiyasının üzvlərinin və ya hökumətyönlü medianın qızışdırıcı ritorikasını pisləməyib. Onların bəziləri nümayişçiləri "nasistlər" və ya Xorvatiyada İkinci Dünya müharibəsi dövrünün faşistləri - "Ustaşi" ilə müqayisə edib.
Qarşıda nələr ola bilər?
Etirazların gələcəyi və Serbiyadakı ümumi siyasi vəziyyət qeyri-müəyyən olaraq qalır.
Serbiyanın hakim elitası ilə onun tənqidçiləri arasında uçurum həmişəkindən daha dərindir. Avropa İttifaqının hesabatlarında ildən-ilə vurğulanan korrupsiya və mütəşəkkil cinayətkarlıqla bağlı vəziyyət ictimai qəzəbi görünməmiş səviyyəyə çatdırıb.
2012-ci ildə partiyasının hakimiyyətə gəlməsindən bəri Vuçiç ilk dəfə əsl sosial müqavimətlə üzləşir. Lakin bu müqavimət siyasi baxımdan formalaşmayıb, çünki müxalifət arasında dominant bir partiya yoxdur.
Üsyanın arxasında yeganə birləşdirici qüvvə tələbə hərəkatıdır - etirazlar səbəbindən artıq təhsilin bir ilini itirmiş gənc nəsil.
Yazını araşdırmaçı jurnalist və AzadlıqRadiosunun Balkan xidmətinin direktoru Miloş Teodoroviç hazırlayıb.