Avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Müdafiə tərəfi vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini və Ə.Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Lakin məhkəmə bu vəsatəti təmin etməyib və işin məhkəmə baxışına göndərilməsi barədə qərar qəbul olunub.
Növbəti iclas sentyabrın 3-nə təyin olunub.
Ə.Məmmədli bu il mayın 6-da saxlanıb və mayın 8-də barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin "sağlamlığa qəsdən ağır zərər vurma" və "xuliqanlıq" maddələri ilə ittiham olunur. Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Bu, həbsi üçün son damla oldu' - Ailəsi Əhməd Məmmədlinin səhhətinin pisləşdiyini deyir
Xatırlatma
Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə əsaslandırmışdı.
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 375 siyasi məhbus var. Hökumət nümayəndələri isə bu tip hesabatları rədd edir və həbs olunanların konkret əməllərə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.