Münasibətlərin pisləşdiyi deyilsə də, Azərbaycan Rusiyaya hələ də 'çörək verir'

Rusiya və Azərbaycan bayraqları

Son aylar Azərbaycanla Rusiyanın münasibətlərin pisləşdiyi deyilsə də, iki ölkə arasında ticarət artmaqda davam edir. Azərbaycan Rusiyaya hələ də, iqtisadçıların dili ilə ifadə edilsə, "çörək verir".

Bu ilin 7 ayında Azərbaycanla ticarətdə Rusiya müsbət saldonu artırıb. Beləliklə, Azərbaycan Rusiya üçün "çörək verən ölkə" statusunu bir qədə də möhkəmlədib.

Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 28 milyard 841 milyon dollar təşkil edib. Bunun 15.2 milyard dolları ixracın, 13.6 milyard isə idxalın payına düşür. İxrac 871 milyon dollar azalıb, idxal isə 2.8 milyard dollar artıb. Bir növ, ölkənin özünün xarici ticarətdə müsbət saldosu azalıb.

Rusiyaya gələndə, şimal qonşusu da Azərbaycanla xarici ticarətdə bir xeyli faydalanıb. Bu ilin 7 ayında Azərbaycan Rusiyaya 721.2 milyon dollarlıq mal ixrac edib. Əvəzində həmin ölkədən 2.35 milyard dollarlıq mal alıb. Hərçənd, Rusiyaya ixracda cüzi olaraq artım var. Ötən ilin 7 ayında bu rəqəm 656 milyon dollar təşkil edib. (+65 milyon dollar) Əvəzində bu ölkədən idxalda daha çox artım var. Ötən ilin hesabat dövründə həmin rəqəm 1.92 milyard təşkil edib. Bu isə Rusiyadan idxalın təqribən 432 milyon dollar artdığını göstərir.

Xatırlatma

Son aylar Azərbaycanla Rusiya arasında siyasi baxımdan münasibətlər pisləşib. İki ay öncə, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma ardınca da müxtəlif şəhərlərdə Azərbaycan diasporunun təmsilçiləri həbs olunmağa başlayıb və bu prosesin hələ də davam etdiyi vurğulanır.

Başa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.