ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) daha dörd hakim və prokuroruna sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin saytında məlumat verilib.
Dövlət katibi Marko Rubio Vaşinqtonun qərarını belə izah edib ki, BCM "milli suverenliyi görməməzlikdən gəlməyə davam edir" və ABŞ-nin siyasi motivli hesab etdiyi ABŞ və İsrail vətəndaşlarına qarşı istintaq hərəkətləri həyata keçirir. Rubionun bəyanatında BCM-in hərəkətləri "milli təhlükəsizliyə təhdid" adlandırılıb.
İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatların qərarını alqışlayaraq bunu "İsraili və İsrail ordusunu gözdən salmağa yönəlmiş yalan kampaniyasına qarşı ədalətli addım" adlandırıb. Sanksiyaya məruz qalanlar arasında fransalı hakim Nikolya Qiyu da var. O, Qəzza zolağında İsrail ordusu ilə HƏMAS arasında gedən müharibədə insanlığa qarşı törədildiyi iddia olunan cinayətlər üzrə məhkəmə prosesinə sədrlik edir. BCM daha əvvəl bu işlə bağlı İsrail baş naziri Netanyahunun həbsinə order verib. Bu qərar İsrail və ABŞ-nin kəskin tənqidinə səbəb olub.
Sanksiyalara məruz qalanlar arasında ABŞ hərbçilərinin iştirakı də daxil olmaqla Əfqanıstanda törədildiyi iddia olunan cinayətlərin araşdırılmasında iştirak edən kanadalı hakim Kimberli Prost da var. Sanksiyalar həmçinin iki prokuror köməkçisinə də şamil olunub.
İyunda ABŞ eyni əsaslarla artıq dörd BCM hakiminə sanksiya qoymuşdu. Fevralın 13-də isə Maliyyə Nazirliyi Netanyahunun həbsinə order çıxarılması təşəbbüsü ilə çıxış edən BCM prokuroru Kərim Əhməd Xana sanksiya tətbiq edib. Bu qərar ABŞ prezidenti Donald Trampın BCM-ə qarşı sanksiyalar barədə fərmanından sonra verilib. Həmin qərar məhkəmənin Vaşinqtonun və onun müttəfiqlərinin, həmçinin İsrailin maraqlarına toxunan istintaq əməllərinə cavab olaraq qəbul edilib.
Nə ABŞ, nə də İsrail Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür və onun yurisdiksiyasını tanıyır. Lakin 120-yə yaxın ölkə, o cümlədən Aİ ölkələrinin əksəriyyəti BCM-i tanıyır.