Keçid linkləri

2025, 21 Avqust, Cümə axşamı, Bakı vaxtı 20:44

'Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş başlayıb'


Andriy Yermak
Andriy Yermak

Ukraynanın yüksəksəviyyəli rəsmisi bildirib ki, onun ölkəsi üçün təhlükəsizlik zəmanətlərinin hərbi komponentinin konturları artıq formalaşmağa başlayıb. ABŞ isə yenidən vurğulayıb ki, bu zəmanətlərin təmin edilməsində əsas yük Avropa ölkələrinin üzərinə düşəcək.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak avqustun 20-də Qərb ölkələri və NATO-nun milli təhlükəsizlik müşavirlərinin görüşündən sonra X sosial şəbəkəsindəki paylaşımında bildirib: "Bizim komandalarımız, hamıdan öncə hərbçilər, təhlükəsizlik zəmanətlərinin hərbi komponenti üzərində artıq aktiv işə başlayıblar".

"Ukrayna müharibənin ədalətli sonu ilə bağlı dialoqun istənilən formatına hazırdır", - deyən Yermak "Budapeşt xətası"nın təkrarlanmamasına dair xəbərdarlıq da edib. O, bununla 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunu nəzərdə tutub. Həmin sənədə əsasən, Ukraynanın Sovet dövründən qalan nüvə silahlarından imtina etməsi müqabilində onun təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulurdu. Ancaq Rusiya 2014-cü ildə Krımı ilhaq edərək və daha sonra 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayaraq bu anlaşmanı pozub.

Ceyms Di Vens
Ceyms Di Vens

Yük Avropanın üzərinə düşəcək

Avqustun 20-də ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib ki, Avropa təhlükəsizlik zəmanətlərinin təminatında liderliyi öz üzərinə götürməyə hazır olmalıdır.

"Düşünmürəm ki, biz burada yükü öz üzərimizə götürməliyik. Hesab edirəm ki, müharibəni və ölümü dayandırmaq lazımdırsa, biz kömək etməliyik. Fikrimcə, biz burada Avropanın aparıcı rol oynayacağını gözləməliyik və prezident də, şübhəsiz ki, bunu gözləyir", - Vens "Fox News"a deyib.

"Bunun hansı formada olmasından asılı olmayaraq, avropalılar yükün ən böyük hissəsini öz üzərilərinə götürməli olacaqlar", - o vurğulayıb.

ABŞ prezidenti Donald Tramp isə bu həftənin əvvəlində "Fox News"a müsahibəsində deyib ki, təhlükəsizlik məsələsində Avropa ölkələri " Ukraynada canlı qüvvə yerləşdirməyə hazırdır. Biz isə onlara xüsusilə hava yolu ilə kömək etməyə hazırıq".

Tramp ABŞ hava qüvvələrinin necə bir dəstək təmin edəcəyi barədə heç bir detal verməyib, lakin bildirib ki, bu, Fransa və Britaniyanın "İstəklilər koalisiyası" çərçivəsində göndərməyi düşündüyü Avropa qoşunlarının yerləşdirilməsini dəstəkləyə bilər.

"Biz onlara çox yaxşı müdafiə verəcəyik", - Tramp bildirib.

Avqustun 18-də Tramp Ağ evdə Zelenskini və bir sıra Avropa liderlərini qəbul edib. Danışıqlarda təhlükəsizlik zəmanətləri əsas müzakirə mövzusu olub. Bu görüş Trampın ötən həftə Alyaskada Rusiya prezidenti Vladimir Putinlə sammitindən sonra keçirilib.

Prezident Trampın hər iki tərəfi danışıqlar masasına çəkmək cəhdlərinə baxmayaraq, Putin ərazi tələblərindən - hətta Rusiyanın hərbi nəzarətində olmayan Ukrayna torpaqlarından geri çəkilməklə bağlı hələ heç bir siqnal verməyib.

XS
SM
MD
LG